CƏMİYYƏT
Füzulidə dəmir yolunun yaxınlığında əl qumbarası tapılıb
Bakı, 17 avqust, AZƏRTAC
Füzuli rayonunun Bala Bəhmənli kəndində, dəmir yolu xəttinin yaxınlığına 1 ədəd F-1 əl qumbarası aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən AZƏRTAC-a bildiriblər ki, qumbara daşınması mümkün olduğuna görə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, nəticə etibarilə 1 300 kvadrat metr ərazi yerüstü yoxlanılıb.
Ümumilikdə agentlik tərəfindən yanvar 1-dən bu günə kimi Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 11 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, dəmir yolu xəttinin yaxınlığına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. 6802 ədəd partlamamış hərbi sursat, 197 ədəd tank əleyhinə mina və 31 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 milyon 700 min 717 kvadrat metr ərazi (722 min 933 kvadrat metr əl ilə, 1 milyon 607 min 140 kvadrat metr mexaniki üsulla, 113 min kvadrat metr SENSYS dərinlik ölçən cihazı və 2 milyon 257 min 644 kvadrat metr minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.