REGİONLAR
Füzulidə erməni təxribatına məruz qalan 8 ev yenidən inşa olunub VİDEO
Füzuli, 14 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Müharibə zamanı Füzulidə erməni təxribatına məruz qalan evlərin tikinti və təmir-bərpası davam edir. Artıq bir çox evdə işlər yekunlaşaraq sahibinə təhvil verilib, digərlərində isə inşa və təmir-bərpa aparılır.
AZƏRTAC xəbər verir ki, erməni təxribatı nəticəsində evi tamamilə dağılan sakinlərdən biri də Horadiz şəhər sakini Bağdagül Abbasovadır. O deyir ki, evi ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində yerlə-yeksan olub: “Bütün bunlara baxmayaraq, biz müzəffər ordumuza güvənərək yerimizi, doğma yurdumuzu tərk etmədik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qələbə sevincini bizlərə bəxş etdi. Qələbədən sonra evlərimiz yenidən inşa olunmağa başladı. Hazırda bizim ev tam müasir tələblərə uyğun olaraq tikilib və istifadəmizə verilib. Bu diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edirik”.
Erməni təxribatı nəticəsində dağılan Füzuli rayonu Arayatlı kənd inzibati vahidliyinin binasında da tikinti işləri davam edir. Kənd icra nümayəndəsinin müavini Fərid Hüseynov söyləyir ki, Azərbaycan ordusu qarşısında aciz qalan ermənilər öz gücünü dinc əhaliyə göstərirdi. “Həmin zaman kəndimiz də artilleriya atəşinə məruz qaldı. Bir çox ev, o cümlədən inzibati bina dağıldı. Kənd sakinləri güclü ordumuza güvənərək kəndi tərk etmədi. 44 günlük zəfər yürüşü zamanı Azərbaycan ordusunun qarşısında məğlub olan ermənilər torpaqlarımızdan çıxarıldı. Qələbədən sonra isə tikinti işlərinə başlanıldı, dövlətimiz tərəfindən inşa işləri davam edir. Buna görə Prezident İlham Əliyevə minnətdarıq”, - deyə icra nümayəndəsi bildirib.
Qeyd edək ki, təkcə Füzuli rayonunda erməni təxribatına məruz qalan 372 tikili olub. Tamamilə dağılan 12 evdən 8-i yenidən inşa olunaraq sakinlərə təhvil verilib və 4 evin inşası davam edir. Həmçinin dağıntıya məruz qalan 330 tikilinin təmiri başa çatıb, digər tikililərdə təmir-bərpa aparılır.