REGİONLAR
Füzulidə keçirilən bayram yarmarkasında məhsullar ucuz təklif olunur
Füzuli, 10 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar Füzuli rayonunda açılan bayram satış yarmarkasında ərzaq və kənd təsərrüfatı məhsulları sakinlərə bazardakı qiymətdən 15-20 faiz ucuz təklif olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Üçüncü Zobucuq qəsəbəsi və Dördyol adlanan ərazidə keçirilən yarmarkalarda rayonun kənd və qəsəbələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə tərəvəz, göyərti, şirniyyat və çərəzlər satış üçün çıxarılıb. Yarmarkalarda alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub.
Sakinlər yarmarkaların keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər. Yarmarkalar martın 14-dən 21-dək hər gün təşkil ediləcəkdir.