REGİONLAR
Füzulidə keçirilən yarmarkada məhsullar 15-20 faiz ucuz satılıb
Füzuli, 19 fevral, AZƏRTAC
Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə Füzuli rayonunda ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Horadiz şəhərində, Zobucuq və Qayıdış qəsəbələri ərazisində, Dördyol adlanan ərazidə keçirilən yarmarkalara rayonun kənd və qəsəbələrindən fermer və sahibkarlar tərəfindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb.
Yarmarkalarda alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Yarmarkalarda rayonda istehsal olunan ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti, şirniyyat və çərəzlər alıcılara bazar qiymətlərindən 15-20 faiz aşağı təklif edilib.
Sakinlər yarmarkaların keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıqlarını bildiriblər. Yarmarkalar Novruz bayramına kimi hər həftənin şənbə və bazar günləri əhalinin sıx məskunlaşdığı dörd
məkanda təşkil olunacaq.