CƏMİYYƏT
Füzulidə minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşı minaya düşüb
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-i saat 10 radələrində minatəmizləmə işləri ilə məşğul olan şirkətin üç əməkdaşının Füzuli rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşmələri barədə Füzuli rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edilən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadənin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, Q.Hüseynovun isə sağ ayağının amputasiya olunduğu müəyyən edilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.