REGİONLAR
Füzulidə orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilib
Füzuli, 1 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunun Horadiz şəhərində 3 saylı tam orta məktəb Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adını daşıyacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Nazirlər Kabinetinin qərarı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalovun adı Horadiz şəhərində 3 saylı tam orta məktəbə verilib. Bu münasibətlə tədbir keçirilib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər Vətən müharibəsində Azərbaycan tarixinə yazılan parlaq Qələbədən və döyüşlərdə şücaət göstərən qəhrəmanlardan söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi. Bu tarix haqq savaşı zamanı şəhid olan qəhrəmanların qanı ilə yazıldı. Belə qəhrəmanlardan biri də Fəqandır. O, döyüşlərə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı kimi qoşulub. Bir çox uğurlu tapşırıqlarda şücaəti ilə seçilib. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Fəqan müharibənin başa çatmasına dörd saat qalmış şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi xidmətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.