CƏMİYYƏT
Füzulidə raketin mühərrik hissəsi aşkarlanıb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də saat 11:18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 11:26-da Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsində, ev 101 ünvanında bir mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DİN-in Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində “PQ-7” raketinin arxa mühərrik hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin hissəsinin tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
İyunun 12-də saat 11:00-da FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 11:26-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətindən ANAMA-ya Ağstafa rayonunun Muğanlı kəndində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DİN-in Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən hərbi təyinatı olmayan metal əşya aşkarlanıb. Həmin əşya götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Metal əşyanın tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1–dən iyunun 12-dək ANAMA tərəfindən ümumilikdə 3536 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 89 min 415 kvadratmetr ərazi yoxlanılıb.