REGİONLAR


Füzulidə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib

Füzuli, 15 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Oktyabrın 15-də 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasında (DSK) aşağı seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kursda dairə seçki komissiyasının 9 üzvü və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə birlikdə 45 seçki məntəqəsi sədri iştirak edib. 84 saylı Füzuli seçki dairəsi DSK-nın sədri Ramiz Teymurov DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir.

Kursda “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” və "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri" mövzularında çıxışlar olub.

Kurs çərçivəsində keçirilən seminarda DSK-nın sədri seçici siyahıları ilə iş qaydası ilə bağlı iştirakçılara geniş məlumat verib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabrın 15-də 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir, 81 saylı Beyləqan, 82 saylı Ağcabədi, 83 saylı Ağcabədi-Füzuli, 93 saylı Bərdə şəhər, 94 saylı Bərdə kənd, 95 saylı Tərtər, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd, 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyalarında da müvafiq ixtisaslaşdırılmış kurslar başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.