REGİONLAR
Füzulidə şəhid Məhəmməd Talıbovun xatirəsinə inşa olunan bulaq istifadəyə verilib VİDEO
Füzuli, 12 mart, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Talıbov Məhəmməd Aydın oğlunun doğum günündə xatirəsinin əbədiləşdirildiyi bulaq kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Bəhmənli kəndində şəhid Talıbov Məhəmməd Aydın oğlunun doğum günü və onun adına inşa edilən “Şəhid bulağı”nın açılışı münasibətilə keçirilən mərasimdə şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, kənd məktəbinin kollektivi, ağsaqqallar iştirak ediblər. Çıxış edənlər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində göstərdiyi qətiyyətli iradədən, şəhid ailələrinə və qazilərə diqqət və qayğıdan söz açıb. İşğal altında olan torpaqlarımızın şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına azad olunduğu xüsusilə vurğulanıb.
Bildirilib ki, Vətən müharibəsi zamanı qəhrəmanlığı və şücaəti ilə gələcək nəsillərə örnək olan şəhidlərimizdən biri də Talıbov Məhəmməd Aydın oğludur. O, 1996-cı il martın 10-da Füzulinin Böyük Bəhmənli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. İyul hadisələrindən sonra Məhəmməd müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətən keşiyində dayanıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində ilk döyüşə atılanlar sırasında yer alıb. Füzuli istiqamətində düşmən sədlərinin yarılmasında qəhrəmanlığı ilə seçilib. Döyüşlər zamanı Məhəmməd yaralansa da, müalicəsi tam başa çatmadan yenidən cəbhəyə qayıdıb. Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə cəsarətlə vuruşub. Noyabrın 3-də Şuşa ətrafında döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.