REGİONLAR


Füzulidə şəhid olan İkram Məmmədovun bu gün doğum günüdür VİDEO

Xaçmaz, 8 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 8-də Vətən müharibəsi şəhidi İkram Ehtiram oğlu Məmmədovun doğum günüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalan qəhrəmanın ailəsi İkramın 19-cu yaşını onsuz qeyd edir.

İkram Məmmədov 2002-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olub. Ailənin sonbeşiyi olan İkramın bir qardaşı və bir bacısı var.

Vətənpərvərliyi ilə seçilən İkram 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. O, Vətən müharibəsində Füzuli rayonunun yaşayış məntəqələrinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Qorxmaz əsgər sonuncu dəfə oktyabrın 12-də qardaşı ilə telefonla danışıb. Növbəti döyüşə getdiklərini bildirən İkram, qələbə ilə dönəcəyinə söz verib.

“Füzulidə döyüşürdü, Aşağı Abdurahmanlı kəndində səngərə qumbaratan mərmisinin düşməsi nəticəsində şəhid olub. Doqquz nəfər döyüş yoldaşı ilə birgə şəhidlik zirvəsinə ucalıb. Şəhid olandan sonra da 3 ay onun nəşini axtarmışıq. Sonradan nəşinin yerini müəyyənləşdirmək mümkün oldu. Nə qədər ağır olsa da, İkramla fəxr edirəm”, - deyə şəhidin atası Ehtiram Məmmədov söyləyib.

On səkkiz yaşlı qəhrəman oktyabrın 13-də şəhidlik zirvəsinə ucalıb. Nəşinin olduğu yer üç aydan sonra müəyyənləşib. Doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunub.

Şəhidin anası Abdət Məmmədova deyib: “Zəhmətkeş, ailəcanlı uşaq idi. Kənd təsərrüfatına, texnikaya böyük marağı vardı. Polis olmaq istəyirdi. İyul ayında əsgərliyə yola salmışdıq. Pandemiya ilə əlaqədar görüşə icazə verilmirdi. Əvvəlcə Gəncədə, sonra isə Qazaxda xidmət elədi. Müharibə başlayanda - sentyabrın 27-si sonuncu dəfə mənimlə danışdı. Sonradan qardaşı ilə zəngləşdi. Şəhid olandan sonra mənə deməyiblər. Atasının, qardaşının xəbəri olsa da, mənə bildirməyiblər. Son anadək elə bilirdim ki, zəng edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.