CƏBHƏ XƏBƏRLƏRİ


Füzulidəki dağıdılmış evlər, memarlıq abidələri, qəbiristanlıqlar erməni vandalizminə şahidlik edir - FOTOREPORTAJ

Füzuli, 19 noyabr, Məhərrəm Əlioğlu, foto Rəşad Mehdiyev, AZƏRTAC

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. Bu torpaqlarda gördüklərimiz həm sevinc, həm də kədər hissləri doğurur. Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Hər şey dağıdılıb, talan edilib.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş çəkiliş qrupu Füzuli şəhərində olub, düşmənin burada törətdiyi vəhşilikləri lentə alıb.

Füzuli rayonunda gördüklərimiz

Yolboyu gördüyümüz mənzərələr həqiqətən kədərlidir. Bir vaxtlar bol məhsullu üzüm bağlarından əsər-əlamət qalmayıb. Füzuli şəhərindəki məzarlıqda da acınacaqlı mənzərənin şahidi olduq. Ermənilər bahalı qəbir daşlarını, hətta ətrafdakı dəmir hasarları söküb aparıblar. Məktəb binalarının yerini isə kol-kos örtüb. Bir sözlə, rayonun bütün yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. 

Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bu maddi-mədəniyyət abidələrinin acınacaqlı görkəmi ürək ağrıdır.

Xatırladaq ki, Füzuli rayonu ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi, Qoçəhmədli kənd məscidi, Aşağı Veysəlli kəndində XII əsrə aid qəbiristanlıq və Mir Əli türbəsi (XIII əsr), Horadiz məscidi və İmamzadə türbəsi, Füzuli şəhərində Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərindəki məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki körpülər, Merdinli kəndi yaxınlığındakı daşdan yonulan at, qoç fiqurları, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin kurqan tipli arxeoloji abidələr erməni vandalizminin qurbanı olublar.

Otuz ilə yaxın erməni işğalı altında qalmış Füzuli rayonunun təbii sərvətləri də talan olunub. Ermənilər meşələrdəki ağacları vəhşicəsinə qırıb, yaxud yandıraraq məhv ediblər.

Nikbinliyə əsas var - Füzuli yenidən bərpa olunacaq

“Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik”, - Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı dediyi bu sözlər gələcəyə nikbin nəzərlərlə baxmağa əsas yaradır.

Müzəffər Ali Baş Komandan əmin edib ki, Füzuli şəhərində həyat yenidən bərpa olunacaq, infrastruktur qurulacaq, həyat öz axarı ilə davam edəcək. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində digər ərazilərdə olduğu kimi, işğaldan azad edilmiş Füzuli rayonunda da geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılacaq, infrastruktur layihələri reallaşdırılacaq, park və xiyabanlar salınacaq. Bir sözlə, bu torpaqlara yeni həyat gələcək.

Dövlət Bayrağımız Füzuli şəhərində qürurla dalğalanır

Noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Ali Baş Komandan Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb.

İndi işğaldan azad olunmuş torpağımızda dalğalanan üçrəngli bayrağımızın qarşısında ayaq saxlayıb bu möhtəşəm mənzərəni qürurla seyr edir və Prezidentimizin bir neçə gün əvvəl dediyi sözləri xatırlayırıq: “Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik”.

AZƏRTAC-ın çəkiliş qrupu da Füzuliyə məhz bu məqsədlə gəlib və müxtəlif yerlərdə çəkilişlər aparıb. Erməni işğalçılarının vəhşiliyini əks etdirən kadrların, əslində, heç bir şərhə ehtiyacı yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.