REGİONLAR


Füzulili fermer: Pambıq əkinlərini genişləndirməklə yanaşı, məhsuldarlığın da yüksəldilməsinə çalışacağam

Füzuli, 12 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il 2100 hektarda pambıq becərən füzulili “ağ qızıl” ustaları indiyədək tarlalardan 1200 tondan çox məhsul toplayıblar. Pambığın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə yığılır.

Rayonun Fin qəsəbəsində məskunlaşan məcburi köçkün Sərhəd Qənbərov bu il 36 hektar sahədə pambıq yetişdirib və hazırda məhsul yığımı davam edir. S.Qənbərov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində pambıqçılığın inkişafı ilə bağlı təşəbbüsə həvəslə qoşulduğunu və pambıq əkinlərini hər il genişləndirdiyini, bu strateji məhsuldan mənfəət əldə etdiyini deyib.

"Ötən il 7 hektarda pambıq becərmişdim. Yüksək məhsul götürüb mənfəət əldə etdim. Odur ki, bu il pambıq əkinlərini daha da artırdım. Artıq birinci yığım başa çatmaq üzrədir. Sahələrdən 55 tondan çox məhsul toplamışıq. Tarlalardan mövsümün sonunadək, ümumilikdə, 80 tondan çox məhsul götürəcəyimi planlaşdırıram”, - deyə fermer bildirib.

Sərhəd Qənbərov əkin sahələrini artırmaqla yanaşı, əsas diqqətin məhsuldarlığın yüksəldilməsinə verildiyini də vurğulayıb. O deyib: “Prezidentimiz Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunaraq, məhsuldarlığın artırılmasını əsas vəzifə kimi müəyyənləşdirdi. Bu sahədə müasir texnologiyaların, elmi yanaşmanın tətbiq olunduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, məhsuldarlığı böyük dərəcədə artıra bilərik və hektardan minimum 20 sentner məhsul götürülməlidir. Mən pambıq becərdiyim sahələrdə orta məhsuldarlığın 22 sentner təşkil edəcəyini düşünürəm. Ancaq bu nəticəni daha da artırmaq mümkündür və çalışacağam ki, məhsuldarlıqda daha yüksək nəticələr əldə edim".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.