REGİONLAR


Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar

Füzuli, 15 iyul, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da qeyd edilib, dahi şəxsiyyətin xalqımız qarşısındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayon ictimaiyyəti Ulu Öndərin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, sənəd və fotoşəkillərlə tanış olublar.

Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, respublikamıza rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan danışıb. Bildirib ki, 1969-cu il iyulun 14-də hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə Azərbaycanda sənaye inkişaf etdirilib, kənd təsərrüfatının yüksəlişi istiqamətində məqsədyönlü işlər görülüb. Respublikada çoxlu sayda istehsalat müəssisələri açılıb, sosial obyektlər, o cümlədən yaşayış binaları, xəstəxanalar, mədəniyyət ocaqları, məktəblər, uşaq bağçaları və sair inşa olunub.

Ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə iki dəfə Füzuli rayonunda olub, kolxoz və sovxozlara baş çəkərək, əməkçilərlə görüşüb. Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi illərdə Füzulidə sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələri – heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıq, bostan-tərəvəz istehsalı bir neçə dəfə artıb. Taxıl, pambıq və üzüm istehsalında fərqləndiyinə görə rayonun 27 əməkçisinə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Arayatılı kəndindən olan pambıqçı Şamama Həsənova isə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əldə olunan uğurlardan da bəhs olunub. Bildirilib ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoydu, düşmənin cəbhədəki hücumlarının qarşısı alındı, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı ilə Qarabağ müharibəsində dönüş yaradıldı. Horadiz əməliyyatından əvvəl ulu öndər Heydər Əliyevin cəbhə xəttində əsgər və zabitlərlə görüşərək, onların qarşısında çıxış etməsi orduda xüsusi ruh yüksəkliyi yaratdı, Azərbaycan əsgərinin qələbə inamını özünə qaytardı. Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edildi. İşğaldan azad olunmuş ərazilərdə geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparıldı, yandırılmış və dağıdılmış evlər, infrastruktur obyektləri bərpa olundu, məcburi köçkün ailələri üçün yeni qəsəbələr salındı, müxtəlif şəhər və rayonlarda məskunlaşan füzulili məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.

Qeyd olunub ki, hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisinin 70 minə yaxın sakini var, onlar işləyir və öz uğurlu gələcəklərini qururlar. Öz torpaqlarında, isti ocaqlarında yaşayan füzulililər onlara doğma yurdlarında yaşamaq sevincini bəxş edən ulu öndər Heydər Əliyevi daim minnətdarlıq hissi ilə anırlar.

Çıxışlarda düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunda həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, onun müdrik strategiyasının dayandığı, Ulu Öndərin dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.