CƏMİYYƏT


“G20 VII Dinlərarası Forum”unda ölkəmizin dinlərarası dialoq sahəsində təcrübəsi müzakirə edilib

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov sentyabrın 11-15-də İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Forumda COVID-19 və iqlim dəyişikliyi, qaçqın, məcburi köçkün və miqrantlara lazımi dəstəyin göstərilməsi, din və etiqad azadlığının, qadın və uşaq hüquqlarının qorunması, irqçilik, terrorizm, insan alveri, nifrət çağırışları ilə mübarizə, müasir dünyaya qlobal təhlükə və təhdid yaradan problemlər müzakirə edilib.

Forum çərçivəsində Rəvan Həsənov G20 Sammitinin Dinlərarası Dialoq Forumun vitse-prezidenti professor Kol Durham, ABŞ-da yerləşən Stirlinq Fondunun icraçı direktoru Edvard Rou, Sudanın dini işlər üzrə naziri Nəsrəddin Mofarj, Efiyopiyanın dini işlər üzrə müşaviri Tiquan Taqay, eləcə də Avropa Kilsələr Konfransının İnsan hüquqları müdafiəçisi Elizabeta Kitanoviç ilə görüşüb. Müzakirələr zamanı BBMM-in həyata keçirdiyi beynəlxalq layihələr, Azərbaycanın dinlərarası dialoq platformalarında təcrübəsi, ölkəmizin multikulturalizm ənənələrinin təbliği, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkəmizin xristianlıq irsinin tədqiqi və Azərbaycan həqiqətlərinin Avropaya çatdırılması istiqamətində bir çox birgə layihənin icrası ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə birgə ABŞ-ın İsa Məsih və Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbər heyəti ilə keçirilən görüşdə Qarabağda dağıdılmış və ya saxtalaşdırılmış mədəni irs haqqında da geniş müzakirə aparılıb, bunun şahidi olmaq üçün onlar ölkəmizə dəvət edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin G20 Sammitinin Dinlərası Dialoq Forumunda iştirakı yeni əlaqələrin qurulması, gələcək layihələrin hazırlanması və Forum çərçivəsində müntəzəm əməkdaşlığın davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.