DÜNYA


G20 ölkələrinin kənd təsərrüfatı nazirləri innovasiyaları inkişaf etdirmək barədə razılaşıblar

Tokio, 12 may, AZƏRTAC

G20 ölkələrinin kənd təsərrüfatı nazirləri Yaponiyanın Niiqata şəhərində keçirilən ikigünlük müzakirələr zamanı innovasiyaları inkişaf etdirmək və yeni texnologiyaları tətbiq etmək barədə razılaşıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə görüş iştirakçılarının mayın 12-də qəbul etdiyi birgə bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, görüş iştirakçıları kənd təsərrüfatı məhsullarının həcminin artırılması və bununla yanaşı, onun bölgüsü zamanı səmərəliliyin yüksəldilməsi barədə də razılıq əldə ediblər.

Görüşün nəticələrini yüksək qiymətləndirən Yaponiyanın kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri Takamori Yoşikava bildirib ki, dünyanın 20 inkişaf etmiş iqtisadiyyatının nümayəndələrinin iştirakı ilə keçirilən diskussiyalar fəal və məhsuldar olub. Nazir qeyd edib ki, G20 ölkələrinin nazirləri əhalinin qocaldığı və insan resurslarının azaldığı bir dövrdə bu sahəyə gənclərin və pilotsuz texnologiyaların cəlb edilməsinin vacibliyini vurğulayıblar.

Birgə bəyanatda aqrar sahəyə qadınların cəlb edilməsinin zəruriliyi də qeyd edilib. Eyni zamanda, sahə üzrə çalışanların ixtisas səviyyəsinin yüksəldilməsinin vacibliyi vurğulanıb.

Mayın 11-də və 12-də Niiqatada keçirilən görüşdə G20 ölkələrinin kənd təsərrüfatı nazirləri müasir dövrdə aqrar sahə qarşısında duran çağırışları, mövcud problemlərin həlli üçün hansı beynəlxalq təcrübənin tətbiqi məsələlərini də müzakirə ediblər.

Xatırladaq ki, G20 ölkələri liderlərinin sammiti iyunun 28-29-da Osaka şəhərində keçiriləcək. Bu, Yaponiyada təşkil edilən ilk belə forum olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.