DÜNYA


G20 ölkələrinin xarici işlər nazirlərinin Bali görüşündə qlobal bərpa mövzusu əsas yer tutacaq

Tokio, 7 iyul, AZƏRTAC

İyulun 7-8-də G20 ölkələrinin xarici işlər nazirlərinin İndoneziyanın Bali adasında keçiriləcək görüşündə qlobal bərpa mövzusu əsas yer tutacaq.

AZƏRTAC ANTARA agentliyinə istinadla xəbər verir ki, iki gün davam edəcək görüş “Birlikdə daha dinc, sabit və firavan dünya quraq” mövzusunda keçiriləcək. Görüşün ilk günündə İndoneziya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, iki sessiyadan ibarət olacaq tədbirin birinci sessiyasında qlobal əməkdaşlığın inkişafı, dünyada sabitliyin bərqərar olması məqsədilə ölkələr arasında qarşılıqlı inamın bərpası istiqamətində atılacaq birgə addımların müzakirəsi xüsusi yer tutacaq. Həmin sessiyada BMT-nin Baş katibi Antonio Quterreşin və Kolumbiya Universitetinin professoru Cefri Saksın mövcud geosiyasi şəraitdə çoxtərəfli prinsiplərin və forumların gücləndirilməsi barədə fikirlərinin səslənəcəyi qeyd edilir.

Ərzaq və enerji təhlükəsizliyi məsələlərinə həsr olunacaq ikinci sessiyada isə ərzaq böhranının aradan qaldırılması, gübrə çatışmazlığı və qlobal əmtəə qiymətlərinin artımı məsələləri müzakirə olunacaq.

Bildirilir ki, İndoneziya ikinci sessiyada çıxış etmək üçün üç mütəxəssis dəvət edib. Bunlar Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli, BMT Baş katibinin hamı üçün davamlı enerji üzrə xüsusi nümayəndəsi, BMT-Enerjinin həmsədri Damilola Oqunbii və Dünya Bankının icraçı direktoru Mari Elka Panqestudur. Onların əsasən, mövcud konfliktlərin dünya iqtisadiyyatına təsiri barədə məruzə ilə çıxış edəcəkləri qeyd olunur.

Bundan əlavə sammit çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirlərinin budəfəki toplantısı hazırda davam edən görünməmiş təhdidlər – iqlim dəyişmələri, COVID-19 pandemiyası və artmaqda olan ərzaq böhranı dövrünə təsadüf edir. Bununla yanaşı, görüş Rusiya-Ukrayna arasındakı gərginliyin yaratdığı inflyasiya, iqtisadi təhlükəsizlik, beynəlxalq enerji bazarlarında artan gərginlik, sülh və təhlükəsizlik üçün yaranan risklərlə eyni dövrə təsadüf edir.

Xatırladaq ki, G20 ölkələri ümumilikdə dünya iqtisadiyyatının 80 faizini, əhalinin üçdə ikisini və dünya ticarətinin dörddə üçünü birləşdirir.

Həmin ölkələrin siyahısına ABŞ, Argentina, Avstraliya, Almaniya, Braziliya, Böyük Britaniya, Kanada, İndoneziya, İtaliya, Fransa, Hindistan, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Türkiyə və Yaponiya daxildir.

2022-ci ildə G20-yə sədrlik edən İndoneziya üzv ölkələr arasında əməkdaşlığın inkişafına, qlobal səhiyyənin arxitekturasına, rəqəmsal transformasiyaya və yaşıl enerjiyə keçidə mühüm üstünlük verir.

İndoneziyanın sədrliyi ilə keçirilən görüşlər silsiləsinə 2021-ci il dekabrın 1-də start verilib və onun 2022-ci il noyabrın 15-16-da Balidə keçiriləcək sammitlə başa çatacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.