DÜNYA


G20 sammiti ərəfəsində Baş Nazir Şinzo Abe ilə Prezident Emmanuel Makronun görüşü olub

Tokio, 27 iyun, AZƏRTAC

Yaponiyanın Baş Naziri Şinzo Abe və Fransa Prezidenti Emmanuel Makron G20 sammiti ərəfəsində beynəlxalq ticarətin azadlığı və iqlim dəyişmələri kimi əsas məsələlərlə əlaqədar sıx əməkdaşlığı davam etdirəcəklərini təsdiq ediblər. Bundan əlavə, hər iki ölkənin liderləri təhlükəsizlik sahəsində də əməkdaşlıq edəcəklərini bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma iki liderin Osakada keçiriləcək G20 sammiti ərəfəsində təqribən bir saat yarım davam edən görüşündə əldə edilib. Hazırda E.Makron Fransa Prezidenti kimi Yaponiyaya ilk səfərə gəlib. Qeyd edək ki, bu onun Ş.Abe ilə sayca yeddinci görüşüdür.

Görüşdə G20 sammitinin əhəmiyyətini qeyd edən Ş.Abe deyib ki, bu tədbir beynəlxalq ictimaiyyətin birliyi və yeni çağırışlara qətiyyətlə cavab verməsi üçün mühüm imkandır. Baş Nazir əlavə edib ki, o, avqustda “Böyük iyirmiliyin” sammitinə sədrlik edəcək Prezident E.Makron ilə birlikdə sammitdəki diskussiyalara başçılıq etmək niyyətindədir.

E.Makron isə öz növbəsində, qeyd edib ki, G20 və G7 sammitlərinin ardıcıllığı mühüm əhəmiyyətə malikdir. Fransa Prezidenti, həmçinin deyib ki, o, beynəlxalq ticarətdə və təhlükəsizliyin təmin edilməsində göstərdiyi cəhdlərə görə Ş.Abeyə minnətdarlığını bildirmək istəyir. Yaponiya G20 sammitinə sədrlik edən ölkə kimi mühüm rol oynayır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.