GƏLƏN İLDƏN ALMANİYAYA UÇMAQ BAHALAŞACAQDIR
AzerTAg.az
Bakı, 4 sentyabr (AZƏRTAC). Almaniya hökuməti ölkəni tərk edən aviasərnişinlərin hamısı üçün yanvarın 12-dən rüsum tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Rüsum qısa məsafələr üçün 8 avro, 2500-6000 kilometr məsafə üçün 25 avro, uzunluğu 6000 kilmetrdən çox olan marşrutlar üçün isə 45 avro nəzərdə tutulmuşdur. Həm də bu rüsum, ayrıca yer tutmayan 2 yaşınadək körpələr istisna olmaqla, bütün sərnişinlərdən tutulacaqdır.
Bundan əlavə, vahid biletlə Almaniya ərazisindən keçən və təyyarə dəyişməyə 12 saatdan çox vaxt sərf etməyən (uzaq reys üçün yerdəyişmə edən sərnişinlər üçün 24 saatdan çox olmamaq şərtilə ) tranzit sərnişinlər üçün də istisna ediləcəkdir. Belə tranzit uçuşlar milli aviadaşıyıcı “Lufthansa”nın biznesinin əsasını təşkil edir. “Air Berlin” və “Germanwings” aviaşirkətləri isə tranzit uçuşları nisbətən az təklif edirlər.
“Lufthansa” bildirmişdir ki, sərnişinlərinin rüsum haqlarını ödəyə bilmədiyi üçün tarifləri qaldırmağa məcburdur. Şirkət hökumətin qərarını “əcnəbi hava limanlarının və daşıyıcıların stimullaşdırılması vasitəsi” adlandırmışdır. Yeni rüsumun tətbiqi nəticəsində sərnişinlərin qonşu ölkələrin rüsumsuz hava limanlarına axını başlanacaqdır. Bu yaxınlarda oxşar qayda Niderlandda sınaqdan keçirilmiş və 2 ilədək müddət ərzində qüvvədə olmuşdur. Lakin ölkə iqtisadiyyatına xeyli ziyan vurduğu üçün bu il ləğv edilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var