İQTİSADİYYAT
GƏLƏN İLDƏN İSTEHSAL MÜƏSSİSƏLƏRİNƏ SUBSİDİYALAR VERİLƏCƏK
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu layihə üzrə Azərbaycana 15 milyon dollardan çox kredit veriləcəkdir. Bu vəsaiti ölkəmizdə yaradılacaq 80 kredit ittifaqı və 200-ə yaxın borc alan qruplar arasında bölüşdürmək nəzərdə tutulmuşdur. Biz vəsaitin alınması istiqamətində mühüm addımlar atmaqla yanaşı, kreditlərin faiz dərəcələrinin də aşağı salınmasına çalışırıq. Hazırda kreditlər üzrə faiz dərəcələri 15-18 faiz arasındadır. Bu faiz dərəcələrinin aşağı salınması ilə yanaşı, istehsal müəssisələrinə subsidiyaların verilməsi də nəzərdə tutulmuşdur. Hökumət Aqrokredit Fondunda istifadə olunmamış 52 milyard manatdan yuxarı vəsaitlə bağlı yeni biznesplan hazırlamışdır. Milli Bank İqtisadi İnkişaf və Maliyyə nazirlikləri ilə birlikdə bu vəsaitin regionlara, ilk növbədə, fermer təsərrüfatlarının tələbatının ödənilməsinə yönəldilməsini nəzərdə tutmuşdur.