İDMAN
GƏLƏN İL BAKIDA DÜNYA VƏ AVROPA ÇEMPİONATLARI KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2006-cı ilin yekunları ilə əlaqədar idmançılara, məşqçilərə və idman mütəxəssislərinə mükafatların təqdim olunması mərasimində demişdir ki, Azərbaycan olimpiya hərəkatında çox fəal bir ölkədir. Bizim səylərimiz, təşəbbüslərimiz və əldə etdiyimiz nailiyyətlər beynəlxalq və Avropa olimpiya komitələri tərəfindən daim qeyd olunur. Bölgədə idmanın inkişafında Azərbaycanın rolu da artıq hamı üçün bəllidir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq yarışlar beynəlxalq idman aləminin ölkəmizə olan münasibətinə sübutdur. Bu bir daha göstərir ki, biz ən böyük, ən geniş beynəlxalq idman yarışlarının keçirilməsində çox səriştəliyik. Əlbəttə, bu ona gətirib çıxarır ki, növbəti idman yarışları da Azərbaycanda keçirilir.
2007-ci ildə güləşin bütün növləri üzrə dünya çempionatının və bədii gimnastika üzrə Avropa çempionatının Azərbaycanda keçiriləcəyini bildirən Prezident İlham Əliyev, çempionatların yüksək səviyyədə təşkili üçün indi Heydər Əliyev adına İdman-Konsert Kompleksində dünya səviyyəsinə uyğun yenidənqurma, bərpa işlərinin görüldüyünü demişdir.