İQTİSADİYYAT
GƏMİÇİLİYİN İNKİŞAFINA DİQQƏT ARTIR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin dənizdə neft və qazçıxarma, qazma, tikinti, geoloji-kəşfiyyat və s. işləri həyata keçirən təşkilatları Xəzər Dəniz Neft Donanma İdarəsinin 186 gəmisindən istifadə edir. Həmin gəmilərdən 20-si Xəzər dənizinin Azərbaycan sektorunda “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş layihələri həyata keçirən xarici şirkətlərə icarə əsasında xidmət göstərir.
Dənizdə neft və qazçıxarma işlərinin təminatında son dərəcə mühüm rol oynayan yükqaldırma qabiliyyəti 600 ton olan “Qurban Abbasov” kran gəmisinin təmirinə və modernləşdirilməsinə başlanmışdır.
Bundan əlavə, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Xəzər Dəniz Neft Donanma İdarəsi tərəfindən müxtəlif tipli 10 ədəd təzə gəminin tikintisinin layihələşdirilməsi üçün texniki tapşırıqlar hazırlanmışdır. Bu məqsədlə də gəmiqayırma ilə məşğul olan zavodlarla danışıqlar aparılmış, lazımi təkliflər alınmışdır.