İQTİSADİYYAT
GƏMİ TƏMİRİ ZAVODU VƏZİFƏSİNİ LAYİQİNCƏ YERİNƏ YETİRİR
AZƏRTAC xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodu sentyabr ayı üçün proqnoza 102,3 faiz əməl etmişdir. Bu müddətdə güclü su vuran avadanlıqlarla təchiz olunmuş nəhəng “Vixr-9” yanğınsöndürən gəmisinin və xam neftin Neftçaladan Dübəndi limanına gətirilməsini təmin edən “Bunkerovşik-4” gəmisinin təmiri başa çatmışdır.
Cari ilin 9 ayının yekunları da Gəmi Təmiri Zavodu üçün uğurlu olmuş, proqnoza 109,5 faiz əməl edilmişdir. 14 gəmi əsaslı təmir olunmuş, “Ulluçay”, “Şirvan”, “Şirvan-3”, “İslam Kərimov” və “Ramiz Hacıyev” dəniz kranları təmir edilmiş, daha 15 gəmi dok təmirindən keçmişdir. “Süleyman Vəzirov” və “İsrafil Hüseynov” borudüzən gəmiləri nəhəng gəmilərin bərpası üçün nəzərdə tutulmuş, Xəzərdə ən böyük sayılan 15 min tonluq dokda təmir olunmuşdur.
Qeyd edək ki, Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodu texniki təchizat və şəxsi heyətin hazırlığı baxımından da müasir standartlara cavab verir. Zavod keyfiyyətə görə İSO-9001, ekoloji təhlükəsizliyə görə isə İSO-14001 beynəlxalq sertifikatlarına layiq görülmüdür.