İQTİSADİYYAT
GƏNCƏDƏ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi, Asiya İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə Gəncədə şəhərlər alyansı layihəsi çərçivəsində Gəncə, Mingəçevir və Şəki şəhərlərində strateji planlaşdırmanın yaxşılaşdırılması və ehtiyat mənbələri səfərbər edilməklə regionlarda yoxsulluğun aradan qaldırılmasına kömək layihəsinin reallaşdırılması mərhələsinə başlanılmasına dair ikigünlük seminar keçirilmişdir.
Seminarda layihə çərçivəsində Gəncənin iqtisadi inkişaf strategiyasının hazırlanması və bu proqram çərçivəsində torpaqların düzgün idarə olunması, infrastruktur tələbatı, maliyyə ehtiyatlarının müəyyənləşdirilməsi, ekologiya, sosial ehtiyaclar, o cümlədən qaçqınların problemi və digər vacib məsələlər barədə müzakirələr aparılmışdır.
Müzakirələrdə Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Matyu Uestfol, şəhərlər alyansı layihəsi üzrə qrup rəhbəri Maykl Qorelik və İqtisadi İnkişaf Nazirliyinin layihə üzrə nümayəndəsi Rəşad Baxşəliyev çıxış edərək iştirakçıların suallarına cavab vermişlər.