İQTİSADİYYAT
GƏNCƏDƏ REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI İLƏ ƏLAQƏDAR ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
İqtisadi inkişaf naziri Fərhad Əliyevin Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərlə bağlı məruzəsi dinlənildikdən sonra söz müşavirə iştirakçılarına verilmişdir. Gəncə Regional Elm Mərkəzinin rəhbəri, professor Fuad Əliyev bölgədə uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli üçün geniş imkanlar olduğunu bildirmiş və konkret təkliflər irəli sürmüşdür. Sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Əsəd Orucov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Həmid Bağırov çıxış edərək Dövlət Proqramının həyata keçirilməsi istiqamətində görülən işlərdən, potensial imkanlardan danışmış və qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində dövlət yardımına ehtiyac olduğunu bildirmişlər.
Müşavirədə iştirak edən sahibkarlar daha çox qarşılaşdıqları problemlərdən danışmışlar. Gəncə şəhər sahibkarlar şurasının sədri, “Neon” firmasının prezidenti Arif Həsənov öz çıxışında enerjinin tez-tez kəsilməsindən, məhsula keyfiyyət sertifikatı almaq üçün Bakıya göndərilməsindən şikayətlənmişdir.
Müşavirədə deyilən iradları ümumiləşdirən iqtisadi inkişaf naziri Fərhad Əliyev bu nöqsanların və əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər görüləcəyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Ən çox bankların işindən narazılıq edən iş adamlarına bildirilmişdir ki, dövlət bu sahədə də konkret işlər görəcəkdir. Qeyd edilmişdir ki, bu il Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən 14 müvəkkil banka 100 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, verilən kredit hesabına 10 min yeni iş yerinin açılacağı gözlənilir. Fermer təsərrüfatlarının ehtiyacları nəzərə alınaraq, Azərbaycanın bütün regionlarında aqroservis mərkəzlərinin yaradılması da diqqət mərkəzindədir.
Açıq dialoq və fikir mübadiləsi şəraitində keçən müşavirəyə Prezidentin İcra Aparatı ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Hümbətov yekun vurmuşdur.