Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“GƏNCƏELEKTRİKŞƏBƏKƏ”, “ƏLİ BAYRAMLIELEKTRİKŞƏBƏKƏ” VƏ “SUMQAYITELEKTRİKŞƏBƏKƏ” SƏHMDAR CƏMİYYƏTLƏRİNİ İDARƏ ETMƏK HÜQUQUNA DAİR MÜQAVİLƏLƏRİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının rayon və şəhərlərində əhalinin, müəssisə və obyektlərin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq, paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin səmərəsini artırmaq, onların inkişafı üçün investisiyaların və yeni texnologiyaların cəlb edilməsinə şərait yaratmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” Səhmdar Cəmiyyəti arasında bağlanmış “Gəncəelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə” və “Əli Bayramlıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Sumqayıtelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə” təsdiq edilsin.

3. “Azərenerji” Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bağlanmış müqavilələrə əlavə olunan “Elektrik enerjisinin satınalma Saziş”lərinə uyğun olaraq elektrik şəbəkələrinin elektrik enerjisi ilə təchizatını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- 10 gün müddətində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq “Gəncəelektrikşəbəkə”, “Əli Bayramlıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin borclarının ödənilməsinə möhlət verilməsi (idarəetmə hüququnun qüvvədə olma müddətinə) və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergi güzəştlərinin tətbiqi məsələlərini həll etsin;

- bir ay müddətində bu Sərəncamın 4-cü bəndinin 2-ci abzasının tətbiqi ilə əlaqədar “Azərenerji” Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə borcları üzrə hesablaşmaların qaydasını müəyyən etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, “Gəncəelektrikşəbəkə”, “Əli Bayramlıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə əlaqədar “Bakı Yüksək Gənginlikli Elektrik Avadanlıqları” SC və “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC ilə təhvil-təslim işlərinin 2002-ci il oktyabr ayının 1-dək başa çatdırılmasını təmin etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin