SİYASƏT
GƏNCLƏRƏ DÖVLƏT QAYĞISI ARTIRILIR
Milli Məclisin sosial siyasət, aqrar siyasət, iqtisadi siyasət daimi komissiyalarının martın 7-də keçirilən birgə iclasında bəzi qanunlara əlavə və dəyişikliklər olunması məsələsi müzakirə edilmişdir.
Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ötən sessiyada Prezident Heydər Əliyevin təşəbbüsü ilə parlamentdə “Gənclər siyasəti haqqında” qanun qəbul edilmişdir. İndi həmin Qanunun tətbiqi ilə əlaqədar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqları haqqında” qanunlara və “Torpaq məcəlləsi”nə əlavə və dəyişikliklər olunacaqdır. Bu dəyişikliklər gənclərə dövlət qayğısının artırılmasına, gənc mütəxəssislərin rayonlarda iş stimulunun yaradılmasına, həyat səviyyələrinin yaxşılaşdırılmasına xidmət edir. Dəyişikliklərdə dağ rayonlarına və sərhədyanı rayonlara işləməyə göndərilən gənclərə növbədənkənar torpaq sahələrinin verilməsi, ev tikmələrinə kömək edilməsi, güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.