MƏDƏNİYYƏT
GƏNCLƏRİN HƏRBİ-VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİNƏ TÖHFƏ
Bakı Bələdiyyə Teatrı 20 Yanvar faciəsinin 16-cı ildönümünə həsr olunmuş “Unutqanlıq qorxunc bəladır” adlı ədəbi-bədii kompozisiyanı bir həftə ərzində Milli Ordunun, Daxili Qoşunların və Ədliyyə Nazirliyinin əsgər və zabitləri qarşısında nümayiş etdirmişdir. Ələddin Əliyevin ssenarisi əsasında hazırlanmış tamaşada teatrın bütün aparıcı aktyorları iştirak etmişlər. Tamaşada ölkəmizin tanınmış şairlərinin 20 Yanvara həsr olunmuş poema və şeirlərindən istifadə olunmuşdur. Döyüşkənlik, mübarizlik, cəsarət duyğuları ilə köklənmiş ədəbi kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanmış, onlar qanlı faciənin ildönümü günlərində Şəhid ruhlarına sonsuz ehtiram hissləri oyadan belə təsirli tamaşaya görə yaradıcı kollektivə razılıqlarını bildirmişlər.
Teatrın bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahova AZƏRTAC-ın müxbirinə demişdir ki, yanvarın 28-də teatrda ötən əsrin əvvəllərində erməni hərbi terror dəstələrinin Naxçıvanda törətdikləri vəhşiliklərdən, görkəmli türk sərkərdəsi Kazım Qarabəkir paşanın başçılığı ilə aparılan hərbi əməliyyatlardan bəhs edən “Türk sancağı” tamaşasının premyerası da olacaqdır. Tamaşa əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi əsasında hazırlanmışdır.
Bu tamaşalar ötən əsrin müxtəlif dövrlərində xalqımıza qarşı ardıcıl olaraq aparılan soyqırımı siyasətini ifşa edən ədəbi-bədii salnamə olmaqla yanaşı, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə də əhəmiyyətli töhfədir.