ELM VƏ TƏHSİL
GƏNCLƏRİN VƏ YENİYETMƏLƏRİN BƏDİİ YARADICILIĞINA DİQQƏT ARTIRILIR
Konfransın iştirakçıları əvvəlcə uşaq və gənclərin foyedə təşkil edilmiş bədii yaradıcılıq işlərindən ibarət sərgi ilə tanış olmuşlar. 9-cu sinif şagirdləri Nərmin Vəliyevanın, Məcid Məmmədovun, digər istedadlı gənclərin yaradıcılıq işləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Təhsil naziri Misir Mərdanov respublikamızda gənc nəslin təhsil, təlim və tərbiyəsində, onların bədii yaradıcılığının inkişaf etdirilməsi sahəsində son illər görülən işlərdən, ölkəmizdə fəaliyyət göstərən 376 məktəbdənkənar tərbiyə müəssisəsinin, o cümlədən YUNİSEF-in dəstəyi ilə respublikamızın 21 bölgəsində yaradılmış gənclər resurs mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlərdən söz açmışdır.
Milli Məclisin komissiya sədrləri Şahlar Əsgərov və Hadı Rəcəbli, ombudsman Elmira Süleymanova, səhiyyə nazirinin müavini Elsevər Ağayev, gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin başçısı Akif Saatçıoğlu, şahmat üzrə Azərbaycan çempionu, 9 yaşlı Xatirə Abdullayeva konfransın işinə uğurlar arzulamışlar.
Konfransda “Gənclər resurs mərkəzləri: bugünkü vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə və çıxışlarda uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində, onların zərərli adət və vərdişlərdən qorunmasında məktəbdənkənar müəssisələrin rolu və əhəmiyyətindən, həmin müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsindən danışılmışdır. Dekabrın 12-də konfrans öz işini davam etdirir.