İDMAN


GƏNCLƏR VƏ İDMAN NAZİRİNİN PARİSƏ SƏFƏRİ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 5-də və 6-da YUNESKO-nun Parisdəki iqamətgahında qurumun və “Dopinqə qarşı mübarizə” Dünya Agentliyinin təşəbbüsü ilə idmançıların dopinqdən istifadə hallarının qarşısının alınması və onunla mübarizə yollarına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Konfransda 90 ölkənin nümayəndəsi, o cümlədən 8 nazir iştirak etmişdir. Konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimov təmsil etmişdir.
Nazir Azad Rəhimov AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, konfrans əsasən idmançılar arasında dopinqin qəbul edilməsi ilə mübarizə məsələsinə həsr olunmuşdur. Konfransın rəhbər orqanları seçilmiş, onun iki ildən bir keçirilməsi qərara alınmış və maliyyə məsələlərindən söhbət açılmışdır.
Müzakirə olunmuş məsələ ətrafında çıxış edənlər yarışlarda idmançılar arasında dopinqdən və digər dərman preparatlarından istifadə edilməsi hallarına rast gəlindiyini nəzərə çarpdırmış, həmin dərmanların adları açıqlanmış və onların qadağasının əsas vəzifələrdən biri olmasının vacibliyi qeyd edilmişdir.
Konfransda dopinq və digər dərman preparatlarından istifadəyə qarşı mübarizə yollarından danışılmış, bununla əlaqədar xüsusi konvensiyanın mövcud olduğu, dünyanın artıq 47 ölkəsinin bu konvensiyanı ratifikasiya etdiyi bildirilmişdir.
Nazir ölkəmizin də yaxın vaxtlarda konvensiyaya qoşulacağını, bununla əlaqədar lazımi sənədlərin hazırlandığını və müzakirə üçün bu günlərdə Milli Məclisə təqdim olunacağını diqqətə çəkmiş, fevral ayının sonlarında Azərbaycanın konvensiyanı ratifikasiya edən 50 ölkə sırasına qoşulacağına ümidvar olduğunu söyləmişdir.
Konfrans çərçivəsində gənclər və idman naziri Azad Rəhimov YUNESKO-nun baş direktorunun xarici əlaqələr üzrə müavini Əhməd Sayyadla görüşmüşdür. Görüşdə qurumla Azərbaycan arasında sıx əlaqələr yarandığı qeyd edilmişdir. Ə.Sayyad təmsil etdiyi təşkilatın xarici əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlərdən danışmış, Azərbaycanda gənclərdən ibarət qeyri-hökumət qurumları ilə birlikdə həyata keçirilən tədbirlərdən söhbət açmış, 15 min avro dəyərində olan bir layihənin həyata keçirilməsinin YUNESKO tərəfindən maliyyələşdiriləcəyini söyləmişdir.
Ə.Sayyad digər maraqlı layihələr olarsa, onların YUNESKO-ya təqdim edilməsini təklif etmişdir.
Nazir YUNESKO tərəfindən ölkəmizdə həyata keçirilən və icrası nəzərdə tutulan layihələrin çox mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.
Konfrans günlərində A.Rəhimov Rusiya Federasiyası Bədən Tərbiyəsi və İdman üzrə Federal Agentliyinin direktoru V.Fetisovla, Ukraynanın idman naziri V.Korjla da görüşmüşdür. Görüşlərdə idman sahəsində əlaqələrin inkişafı, ölkələrarası idman yarışlarının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Fransanın gənclər və idman naziri Fransua Lamurla görüşdə ikitərəfli əməkdaşlığın perspektivliyi məsələsinə toxunulmuşdur. Nazir A.Rəhimov 2007-ci ildə ölkəmizdə keçiriləcək tədbirlər və layihələr barədə fransalı həmkarına qısa məlumat vermişdir.
Fevralın 6-da YUNESKO-nun baş direktoru Koişiro Matsuura Azad Rəhimovu qəbul etmişdir. A.Rəhimov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmimi salamlarını baş direktora çatdırmışdır.
Koişiro Matsuura səmimi salamlara görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmiş və öz növbəsində onun da salamlarını M.Əliyevaya çatdırmağı nazirdən xahiş etmişdir.
Baş direktor YUNESKO ilə Azərbaycan arasındakı mövcud əlaqələri yüksək qiymətləndirmiş, Mehriban xanım Əliyeva xoşməramlı səfir seçildikdən sonra bu əlaqələrin daha da möhkəmləndiyini və inkişaf etdiyini, ölkəmizin mədəniyyəti və incəsənətini dünyada tanıtdırmaq sahəsində Azərbaycanın birinci xanımının xidmətlərini xüsusi vurğulamış, azərbaycanlı xoşməramlı səfirin şəxsi təşəbbüsü ilə son dövrlərdə YUNESKO-da respublikamızla bağlı maraqlı və yaddaqalan tədbirlərin keçirildiyini bildirmiş, aprel ayının əvvəllərində Fransaya səfəri barədə qısa məlumat vermişdir.
K.Matsuura zəngin mədəniyyətə, qədim tarixə malik ölkəmizə iki dəfə səfər etdiyini və bu səfərlərin onda böyük təəssürat yaratdığını xatırlatmış, rəhbərlik etdiyi təşkilatın təhsil sahəsində Azərbaycanda həyata keçirdiyi layihələrdən söhbət açmışdır.
Azad Rəhimov başçılıq etdiyi nazirlik və onun əsas fəaliyyət istiqamətləri, 2006-cı ildə görülmüş və cari ildə həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə qısa məlumat vermişdir.
Nazir ölkəmizin prezidenti İlham Əliyevin bir qrup gənci qəbul etdiyini və 2007-ci ilin “Gənclər ili” elan edilməsi barədə Sərəncam verdiyini diqqətə çəkmiş, həmin dövrdə çoxlu beynəlxalq tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləmiş, tədbirlərin bir qisminin məhz YUNESKO ilə sıx bağlı olduğundan onlardan bəzilərinin Parisdə qeyd olunmasına dair arzusunu ifadə etmiş və baş direktoru mötəbər beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.