ELM VƏ TƏHSİL
GƏNC ALİMLƏR ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İNTAS Beynəlxalq təşkilatı gənc alimlərin təqaüd alması üçün Azərbaycan hökuməti ilə birgə müsabiqə keçirmişdir.
Müsabiqədə 35 yaşınadək alimlər, elmin bütün sahələrində çalışan, 2006-cı ilin fevral ayından başlayaraq, ən azı iki il müddətində namizədlik dissertasiyası üzərində işləmək planları olan aspirant və dissertantlar iştirak etmişlər.
Müsabiqəyə təqdim edilmiş layihələrdən 29-u müzakirə olunmuşdur.
80 mümkün baldan 67 bal toplayan 9 nəfər qalib gəlmişdir. Qaliblər iki il ərzində təqaüd almaq və İNTAS-ın üzvü olan ölkələrin birində tədqiqat aparmaq imkanı əldə etmişlər.
İNTAS və Azərbaycan hökuməti arasındakı razılaşmaya əsasən, adı çəkilən təqaüd üçün, ümumilikdə, 130 000 avro nəzərdə tutulmuşdur. Vəsaitin 80000-i İNTAS, 50000-i isə Azərbaycan hökuməti tərəfindən ayrılmışdır.