MƏDƏNİYYƏT
GƏNC RƏSSAMIN XATİRƏ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) birgə təşkilatçılığı ilə Vəcihə Səmədova adına sərgi salonunda gənc yaşlarında vəfat etmiş istedadlı rəssam Arzu Haşımovanın xatirə sərgisi açılmışdır.
Dövlət Rəssamlıq Akademiyasının “Teatr dekor” və “Rəngkarlıq” ixtisasları üzrə magistri pillələrini fərqlənmə diplomları ilə bitirən rəssamın sərgidə boyakarlıq, qrafika, tətbiqi sənət janrlarında 100-dən artıq əl işi nümayiş etdirilir.
Xalq rəssamları - Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, ADRA-nın rektoru, heykəltəraş Ömər Eldarov, Arzunun müəllimi, əməkdar rəssam Arif Əbdürəhmanov və başqaları həyatda cəmi 25 il yaşamış gənc rəssamın böyük ümidlər verən yaradıcılığından, az yaşamasına baxmayaraq, özünün işgüzarlığı, səmimiyyəti, işinə yaradıcı münasibətilə istər təhsil aldığı məktəblərdə, istərsə də çalışdığı kollektivlərdə hörmət qazandığından ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, 1991-2006-cı illər arasında keçirilən respublika sərgilərində iştirak etmiş rəssam, həm də 2003-cü ildə Turizm günü münasibətilə keçirilən sərgidə yüksək təşkilatçılıq qabiliyyətinə görə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. O, yaşıdları arasında həmişə özünün fəal ictimai mövqeyi ilə də seçilirdi.
Zemfira Haşımova qızının xatirə sərgisinin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sərgi aprelin 3-dək davam edəcəkdir.