REGİONLAR
GDU-da “Mən sağlam həyatı seçirəm” mövzusunda tədbir keçirilib
Gəncə, 29 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) İqtisadiyyat və idarəetmə fakültəsində narkomaniya və onunla mübarizə tədbirləri çərçivəsində “Mən sağlam həyatı seçirəm” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb, dünyada və ölkəmizdə “ağ ölüm”lə mübarizə istiqamətində aparılan tədbirlərin vacibliyini diqqətə çatdırıb.
Fakültə dekanı, dosent Məsim Abadov, müəllimlər Rafiq Abbasov, dosent Əli Allahverdiyev, tələbələr Ləman Əmirova, Nailə Abdullayeva, Ayxan Həsənli çıxış edərək gəncləri diqqətli olmağa çağırıb, maarifləndirmə və məlumatlandırma işinin intensiv aparılmasına daha çox diqqət yetirməyin önəmini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.