REGİONLAR
GDU ilə Böyük Britaniyanın ali məktəbləri arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb
Gəncə, 29 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) olub, universitetin rektoru Yusif Yusibov ilə görüşüb.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə Yusif Yusibov səfir Fergus Auldu salamlayaraq ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. O qeyd edib ki, ali təhsil ocağında hazırda 400-dən çox tələbə ingilis dili üzrə təhsil alır, İqtisadiyyat və idarəetmə, o cümlədən Kimya-biologiya fakültələrində tədris ingilis dilində aparılır. Görüşdə universitet tələbələrinin ingilis dili üzrə bacarıqlarının təkmilləşdirməsi mərkəzinin yaradılması və Böyük Britaniyanın ali məktəbləri ilə əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.
Səfir Fergus Auld Gəncə Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və təhsil sahəsində əməkdaşlığın yüksək nəticələri var, azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil alıb və almaqda davam edirlər.