ELM VƏ TƏHSİL
GEANT Assosiasiyası ilə əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 24 may, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer ilə keçirilən növbəti görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə 2020-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan “V Şərq Tərəfdaşlığı Elektron İnfrastrukturu Konfransı” (EaPEC 2020) ətrafında müzakirələr aparılıb.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, konfrans “EaPConnect” (Şərq Tərəfdaşlığı) layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunur.
Konfransın Azərbaycanda keçirilməsinin ölkəmizin alim və mütəxəssisləri üçün geniş imkanlar açdığını qeyd edən akademik rəhbərlik etdiyi qurumun konfransın təşkilində yaxından iştirak edəcəyini diqqətə çatdırıb.
Rasim Əliquliyev qurumun əməkdaşlarının Avropa İttifaqının müxtəlif səpkili konfrans və tədbirlərində mütəmadi olaraq iştirak etdiyini bildirib. Akademik institutun alim və mütəxəssislərinin GEANT tərəfindən iyunun 16-20-də Tallində keçiriləcək “TNC19” konfransında iştirakının nəzərdə tutulduğu diqqətə çatdırıb.
Leoni Şafer Azərbaycana səfəri çərçivəsində təəssüratlarını bölüşüb. Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən qonaq AMEA-da, o cümlədən institutda yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib, “AzScienceNet” şəbəkəsinin geniş imkanlara malik olduğunu bildirib. O, İnformasiya Texnologiyaları İnstitutunun Avropa İttifaqının elm və təhsil layihələrində yaxından iştirak etdiyini qeyd edərək birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.
Görüşdə, həmçinin “AzScienceNet” şəbəkəsinin imkanlarının təkmilləşdirilməsi, institut əməkdaşlarının informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində müxtəlif ölkələrdə keçirilən təlimlərdə iştirakının təşkili istiqamətlərində müzakirələr aparılıb.