ELM VƏ TƏHSİL
GEANT-ın Avropa açıq elm buludu layihəsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 24 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer AMEA İnformasiya Texnologiyaları İnstitutunda Avropa açıq elm buludu (The European Open Science Cloud, EOSC) layihəsinə dair təqdimatla çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Leoni Şafer elmi ictimaiyyətin etibarlı və açıq virtual mühitdə xidmətlərə qüsursuz daxil olmasına imkan verən Avropa açıq elm buludu layihəsinin məlumatların uzunmüddətli saxlanılması, əldə edilməsi, birləşdirilməsi, analiz olunması üçün xidmətlər təklif etdiyini, Avropa İttifaqında 1,7 milyon tədqiqatçını ödənişsiz, açıq xidmət göstərən etibarlı və fərdi iş mühiti ilə təmin etdiyini diqqətə çatdırıb. O, həmçinin 2018-ci il noyabrın 23-də imzalanmış Avropa açıq elm buludu layihəsinin Vyana deklarasiyası haqqında məlumat verib, layihənin istifadəsi ilə bağlı müddəaları diqqətə çatdırıb.
Məruzəçi hazırda reallaşdırılan açıq elm buludu layihələrindən danışıb. O, həmçinin Avropa açıq elm buludu layihəsi ilə əlaqədar keçiriləcək tədbirlər barədə məlumat verərək institut əməkdaşlarını bu tədbirlərdə fəal olmağa dəvət edib.
Sonda texniki məsələlərlə bağlı müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılması istiqamətində işlərin sürətləndirilməsi tövsiyə olunub.