DÜNYA
GECƏ NÖVBƏLƏRİ İNSAN PSİXİKASINA MƏNFİ TƏSİR GÖSTƏRİR
Bakı, 9 iyul (AZƏRTAC). Alimlər iddia edirlər ki, gecə növbəsində çalışanlar gündüzlər işləyən həmkarları ilə müqayisədə süst və key olurlar.
Bunu sübut etmək üçün könüllülər üzərində eksperiment aparılmışdır. Onlar gecə ərzində oyaq qalmalı və hər üç saatdan bir qrafik lövhəyə eyni cümləni yazmalıydılar. Bu zaman kompyuter onların qələm-ötürücüyə basma gücünü və yazı sürətini müəyyən etmişdir. Məlum olmuşdur ki, sınaq altında olanlar saat 03.00-06.00 arasında xeyli ləng, çətinliklə oxunan yazı yazmışlar. Alimlər bunu əl funksiyalarının gecə saatlarında zəifləməsi ilə əlaqələndirmişlər.
Amma o da məlumdur ki, əl öz ixtiyarında deyildir və beyinə tabedir. Deməli, gecə saatlarında təfəkkür prosesləri zəifləyir, bəzən isə yox həddində olur. Alimlərin fikrincə, gecələr orqanizm yuxuya kökləndiyi üçün səmərəli işləmir. Bu da təbiidir, çünki bu halda təbii bioloji ritmlər, əsrlər boyu təşəkkül tapmış ənənələr fəaliyyətə başlayır.
Gecə növbələrində işləyən əməkdaşların səmərəli fəaliyyət üçün doyunca yatmaları mümkün deyildir. Növbədən sonrakı yuxu bunun əvəzini əsla ödəmir, çünki gecələr orqanizm yenə də yatmaq istəyir. İnsanın gecə növbəsinə hansı saatda başlamasının da əhəmiyyəti böyükdür. İşə saat 21-də başlayanlar üçün növbə daha çətin, 23-də başlayanlar üçün daha asandır. Eynimüddətli gecə növbələri hansı saatda başlamasından asılı olaraq, orqanizmə müxtəlif cür təsir göstərir.