RƏSMİ SƏNƏDLƏR


“GEMMS” Qrupun layihə rəhbəri Panos Protopsaltisdən

Əziz Prezident Əliyev.

Azərbaycanın tarixində çox əhəmiyyətli qələbə olan Qarabağın işğaldan azad olunması münasibətilə Sizi təbrik edirəm. Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, qətiyyətiniz və son məqsədə çatmağa olan qəti inamınız sayəsində əldə edilib.

Siz 44 gün ərzində 30 il müddətində əlçatmaz olaraq qalan bir uğura imza atmısınız.

Mən bu tarixi hadisə zamanı Azərbaycanda olmaqdan, beləliklə, insanlar arasında artan qürur, coşqu və razılıq hissinə şahidlik etməkdən şərəf duyuram. İndi hamı birləşib və gələcək barədə nikbindir. Sabaha baxarkən Siz artıq işğaldan azad olunan ərazilərin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, mədəniyyət və turizmdən tutmuş müasir infrastruktura yatırım etməklə qarşıya yeni hədəflər qoyaraq vətəndaşlarınıza yeni ilham verirsiniz. Mən Sizə işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutduğunuz planların tam reallaşmasını arzu edirəm.

Mən ikinci vətənim hesab etdiyim, 7 möhtəşəm il keçirdiyim Azərbaycanı həmişəlik mənimlə qalacaq gözəl xatirələrlə tərk edirəm. Əmin ola bilərsiniz ki, gələcəkdə də əlaqələrimiz davam edəcək və Sizin sərəncamınızda olacağam.

Bu həqiqətdir ki, dünyada pandemiya da daxil olmaqla, qarşıda ciddi çağırışlar var. Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bu çağırışların öhdəsindən layiqincə gələcək, regionda və daha geniş coğrafiyada yeni paradiqmaları ilə nümunə olacaq və daim rifah içində yaşayacaq.

Ən böyük hörmətlə,

Panos Protopsaltis

"GEMMS" Qrupun layihə rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin