SİYASƏT
GERHARD ŞRÖDER 60 YAŞINI QEYD EDİR
Almaniyanın federal kansleri Gerhard Şröder aprelin 7-də 60 illik yubileyini qeyd edir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, hazırda məzuniyyətini İtaliyanın Piza şəhəri yaxınlığında keçirən federal kansler ad gününü xanımı və qızı ilə birlikdə ailə çərçivəsində bayram edir.
Federal kansler indi Almaniyada olmasa da, dünyanın tanınmış siyasətçilərinin, dövlət və hökumət başçılarının, iqtisadi dairələrin onun Berlin ünvanına göndərdikləri təbrik məktubları və teleqramlarının ardı-arası kəsilmir.
Almaniyanın mərkəzi televiziya kanalı ZDF-in elan etdiyinə görə, Sosial Demokratlar Partiyası (SPD) kanslerin 60 illik yubileyi şərəfinə böyük bayram şənliyini aprelin 16-da onun doğma şəhəri Hannoverdə təntənəli şəraitdə keçirəcəkdir.