İDMAN
GİMATOVANIN İTALİYADA UĞURLU ÇIXIŞI
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Gimatova çoxnövçülüyün nəticələrinə görə 3-cü yerə çıxarmışdır. 1-ci və 2-ci yerləri isə rusiyalı Olqa Kapranova və belaruslu Lyubov Çerkaşina tutmuşlar.
Mükafatlandırma mərasimindən sonra Gimatova demişdir: “Mən turnirdən turnirə, məşqdən məşqə inkişaf edirəm. Ümidvaram ki, bu xətdən dönməyəcəyəm və Yaponiyada keçiriləcək klublar arasında dünya çempionatına tam hazırlıqlı gedəcəyəm”.
Oktyabrın 21-22-də Berlində Qran-pri seriyasının final turniri keçiriləcəkdir. Turnirdə Aliyə Qarayeva, Anna Qurbanova, habelə Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup komandası iştirak edəcəklər.
Bu ərəfədə Beynəlxalq Gimnastika Federasiyası dünyanın 30 ən yaxşı gimnastının və qrupunun adlarını açıqlamışdır.
Sentyabrda Moskvada keçirilən Avropa çempionatında uğurlu çıxışdan sonra qrup komandamız 2 bənd irəliləyərək, lentlə reytinqdə 39 xalla 9-cu yeri tutmuş, halqa və gürzlə hərəkətlərin nəticələrinə görə isə 21-ci yerdən 14-cü yerə qalxmışdır.
Fərdi gimnastlarımız da göstəricilərini yaxşılaşdırmışlar. Ən yaxşı göstərici Dinara Gimatovaya məxsusdur. O, lentlə hərəkətlərdə 11-ci olmuşdur. İplə və topla hərəkətlərdə Anna Qurbanova 12-ci, Aliyə Qarayeva isə iplə hərəkətlərdə hələlik 18-ci yerdədir.