GİMNASTLARIMIZ GÜRCÜSTANIN AÇIQ BİRİNCİLİYİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
AzerTAg.az
Azərbaycanın bədii gimnastika komandası iyulun 2-4-də Tbilisidə Gürcüstanın açıq birinciliyində iştirak edəcəkdir. Komandanın tərkibinə 3 yeniyetmə gimnast – Dina Qorina (1987-ci il təvəllüdlü), Vəfa Hüseynova (1988), Alina Tryopina (1989) və azyaşlı üç gimnast - Zülfiyyə Əliyeva, Zeynəb Cavadlı və Leyla Şamilova (hamısı 1991-ci il təvəllüdlü) daxildir. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, turnirdə iştirak etmək, xüsusilə yarış təcrübəsi qazanmaq baxımından, azyaşlı gimnaslarımız üçün faydalıdır.
Gimnastikamızın liderləri Dinara Gimatova və Anna Qurbanova isə iyulun 3-17-də Serbiya və Çernoqoriyaya, təlim-məşq toplantısına yollanacaqlar. Toplantıdan başlıca məqsəd iyulun sonlarında Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya kubokunun mərhələ yarışlarına hazırlıqdır. Dinara Gimatova burada özünün Olimpiya proqramını da təkmilləşdirəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var