İDMAN


GİMNASTLARIMIZ İTALİYA VƏ PORTUQALİYADA 3 MEDAL QAZANMIŞLAR

Azərbaycan gimnastı Aliyə Qarayeva İtaliyada başa çatan “Trofeo Kariprato” ənənəvi beynəlxalq turnirinin bürünc mükafatçısı olmuşdur. Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, çoxnövçülükdə 60,6 bal toplayan “Neftçi” klubunun gimnastı üçüncü yeri tutmuşdur.

Yeniyetmələr yarışında çıxış edən Nigar Mirzəyeva 14-cü nəticə göstərmişdir. Lakin gimnastlarımızın topladıqları xallar Azərbaycanı komanda hesabında Rusiya, Bolqarıstan və İtaliyadan sonra 4-cü yerə çıxarmışdır.

Portuqaliyanın Espinyo şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən digər yeniyetmə gimnast Zeynəb Cavadlı iki medal qazanmışdır. Bakı İdman məktəbinin yetirməsi halqa çıxışına görə ikinci yeri, iplə yarışda isə 3-cü yeri tutmuş, çoxnövçülükdə 4-cü nəticə göstərmişdir. Turnirdə bütün növlərdə Rusiya gimnastları qalib gəlmişlər.

Z. Cavadlının məşqçisi N.Qasımova demişdir: “Tamaşaçılar Zeynəbi yaxşı qarşılayırdılar və o, haqlı olaraq iki dəfə fəxri kürsüyə qalxdı. Doğrudur, lentlə təmrinlər bu gimnastın proqramında ən zəif məqam olaraq qalır. Ona görə də işləyəcəyik”.

Portuqaliyanın Koimbra şəhərində isə akrobatik gimnastika üzrə XX dünya çempionatı başa çatmışdır. Akrobatlarımız Ayla Əhmədova və Dinara Abbasova ilk təmrinlərdən sonra dördüncü yeri tuturdular. Bu duetin ikinci kompozisiyası az qiymətləndirildiyi üçün onlar 8-ci yerə düşmüşlər. Proqramın üçüncü və sonuncu kompozisiyanın ifasına görə onlar 26,98 xal almış və nəticədə 7-ci yeri tutmuşlar.

Federasiyanın mətbuat xidmətindən bildirmişlər ki, gimnastlarımız iyunun 23-24-də İrkutsk şəhərində keçiriləcək bədii gimnastika üzrə Dünya kuboku yarışlarında iştirak edəcəklər. Azərbaycanı turnirdə milli komandamızın liderləri Aliyə Qarayeva, Dinara Gimatova və Anna Qurbanova təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.