İDMAN
GİMNASTLARIMIZ SON TƏLİM-MƏŞQ TOPLANIŞINI YUNANISTANDA KEÇİRƏCƏKLƏR
Azərbaycan gimnastları Dinara Gimatova və Anna Qurbanova Bolqarıstanın Varna şəhərində Dünya kubokunun mərhələ yarışlarında iştirak etmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, A.Qurbanova çoxnövçülükdə 88.950 bal toplayaraq 8-ci yeri tutmuşdur. Afina Olimpiadasının gələcək iştirakçısı D.Gimatova isə 84.050 balla 14-cü nəticəni göstərmişdir.
Varnada 18 ölkədən 30 gimnast çıxış etmişdir.
İdman mütəxəssislərinin fikrincə, Dinara Gimatova Bolqarıstanda var qüvvə ilə yarışmamışdır, çünki qüvvəsini qarşıdakı Olimpiada üçün saxlamışdır. Anna Qurbanovaya gəldikdə, o, yüksək nəticə göstərərək, bir daha sübut etmişdir ki, Olimpiada da layiqli ehtiyat gimnastdır.
Afina Olimpiadası ərəfəsində son təlim-məşq toplanışı Yunanıstanın Patra şəhərində Rusiya gimnastları ilə birlikdə olacaqdır. Yeri gəlmişkən, Varnada fəxri kürsünün ən yüksək pillələrinə məhz Rusiya gimnastları qalxmışlar. 1-ci yeri İrina Çaşşina, 2-ci yeri Alina Kabayeva, 3-cü yeri isə qazaxıstanlı Aliyə Yusupova tutmuşlar.