SİYASƏT
GÖMRÜKÇÜLƏR VƏ SƏRHƏDÇİLƏR TƏKMİLLƏŞDİRMƏ KURSU KEÇİRLƏR
AZƏRTAC-ın Dövlət Gömrük Komitəsindən aldığı xəbərə görə, Fransa ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində təşkil olunan və fransalı mütəxəssislərin - Dominik Dölönyö və Valeri Mülera Mayönün apardığı kursda iştirak edən gömrük və sərhəd xidmətlərinin əməkdaşları saxtalaşdırılmış sənədlərin aşkarlanması metodları və hava limanının təhlükəsizliyinə nəzarət sistemi ilə tanış olacaqlar.
Fransanın ölkəmizdəki səfiri xanım Şantal Puare kursun təcrübə mübadiləsi baxımından əhəmiyyətindən danışmış, tədbirin gömrük və sərhəd xidmətlərinin bir qrup əməkdaşının iştirakı ilə ötən il Bakıda gerçəkləşdirilmiş seminarın davamı olduğunu, məşğələlərin gələcəkdə Parisdə keçiriləcəyini və bununla bağlı bir qrup əməkdaşın Fransaya dəvət ediləcəyini bildirmişdir.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Aydın Əliyev kursun təşkilinə göstərdiyi köməyə görə səfirə təşəkkür etmiş və vurğulamışdır ki, dövlətimizin başçısı İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etməsi təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Fransa əməkdaşlığının inkişafına təkan vermişdir.
O, ABŞ-da baş vermiş 11 sentyabr terror hadisələrindən sonra sərhədlərdə, ilk növbədə, hava limanlarında təhlükəsizlik tədbirlərinin görülməsinin hər bir ölkə üçün vacibliyini söyləmiş, Fransa mütəxəssisləri ilə təcrübə mübadiləsini yüksək qiymətləndirmişdir.