İQTİSADİYYAT
GORANBOY RAYONUNDA “ƏMƏK YARMARKASI” KEÇİRİLMİŞDİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq ölkəmizin bütün şəhər və rayonlarında yerli məşğulluq xidmətləri tərəfindən təşkil olunan “Əmək yarmarkaları” uğurla davam etdirilir.
Növbəti yarmarka bu günlərdə Goranboy rayonunda keçirilmişdir. Rayonun 17 dövlət və özəl müəssisəsindən 149 boş iş yerlərinin çıxarıldığı bu əmək yarmarkasında 26 nəfərə müvafiq işlə təmin olunmaq üçün göndəriş verilmişdir. Bir nəfər əlillər üçün nəzərdə tutulmuş kvota üzrə xüsusi iş yerinə təyin olunmuşdur. 10 nəfər işaxtaran vətəndaş isə haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir.
Xatırladaq ki, aprel ayından keçirilən bu yarmarkalar sayəsində indiyədək 1000-ə yaxın vətəndaş münasib işlə təmin edilmiş, 76 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 143 nəfər isə ictimai işlərə cəlb olunmuşdur.