ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ALİMİN 75 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbiri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva açaraq, professor Rüstəm Əliyevin zəngin elmi yaradıcılığından danışmış, onun mənalı ömür yolunun gənc tədqiqatçılar üçün layiqli örnək olduğunu bildirmişdir.
Sonra filologiya elmləri namizədləri Məsiağa Məhəmmədinin “Rüstəm Əliyevin iranşünaslıq irsi”, İmamverdi Həmidovun “Rüstəm Əliyev bir ərəbşünas kimi”, filologiya elmləri doktoru Möhsün Nağısoylunun “Rüstəm Əliyevin mətnşünaslıq fəaliyyəti” mövzularında məruzələri dinlənilmişdir.
Məruzəçilər alimin həyat və fəaliyyətindən, dəyərli elmi irsindən, xüsusilə mənbəşünaslıq və mətnşünaslıq sahələrinin inkişafındakı müstəsna rolundan geniş söhbət açmışlar.
Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev, doktor Cavad Heyət, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və başqaları çıxış edərək, professor Rüstəm Əliyevin istedadlı bir alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanındığını bildirmiş, onunla bağlı xatirələrini söyləmişlər.