ELM VƏ TƏHSİL
GÖRKƏMLİ ALİM, AKADEMİK AZAD MİRZƏCANZADƏNİN 75 YAŞI TAMAM OLMUŞDUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev neftçilərin özlərinə müəllim saydıqları görkəmli alimin çoxşaxəli fəaliyyətindən danışdı.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Əsədov dövlətimizin başçısı Heydər Əliyevin akademik Azad Mirzəcanzadəyə təbrik məktubunu oxudu.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə yubilyarın həyat və fəaliyyətinə dair geniş məruzə etdi.
Baş nazir İlham Əliyevin görkəmli alimə yubileyi münasibətilə səmimi təbriklər ünvanladığı bildirildi.
Başqırdıstan Respublikasından yubilyara ünvanlanmış təbriklər çatdırıldı. Yanacaq və energetika naziri Məcid Kərimov elmi ixtiraları ilə neft-qaz sənayesinin inkişafında xüsusi rol oynamış akademikin hazırladığı peşəkar kadrların sorağının dünyanın ayrı-ayrı ölkələrindən gəldiyini dedi.
Alimin 60 illik pedaqoji, nailiyyətlərlə dolu yarım əsrlik sırf elmi fəaliyyətinin böyük bir məktəb olduğu söylənildi. Mədəniyyət naziri Polad Bülbüloğlu, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov elmi ədəbiyyatda tez-tez rast gəldiyimiz “Mirzəcanzadə məktəbi”, “Mirzəcanzadə tənliyi”, “Mirzəcanzadə modeli”, “Mirzəcanzadə qanunu” ifadələrinin alimin elm dühasını səciyyələndirən keyfiyyətlərin təcəssümü olduğunu dedilər. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli Azad müəllimin səyi ilə respublikamızın bölgələrində ixtisaslaşmış müdafiə şuralarının təşkilini yüksək qiymətləndirdi.
Səmimi yubiley gecəsinin hər bir iştirakçısı Azad müəllim haqqında söz demək istəyirdi. Onun təkcə neft-qaz sənayesində yox, bütün elm sahələrində zəngin biliyə malik olduğu diqqətə çatdırıldı. Hətta yubilyar böyük musiqişünas kimi xarakterizə edildi.
Mərasimin sonunda Azad müəllim 75 illik yubileyinin işığına yığışanlarla ürək sözlərini bölüşdü.