RƏSMİ XRONİKA
GÖRKƏMLİ ALİM, AKADEMİK İQRAR ƏLİYEVƏ
Şanlı yubileyiniz – anadan olmağınızın 80 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz bütün həyatınızı sevib-seçdiyiniz tarix elminə həsr edərək, milli köklərimizin araşdırılması, hərtərəfli tədqiqi sahəsində müstəsna xidmətlər göstərmişsiniz.
Gənclik dövründən taleyinizi bağladığınız Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmin çətin yollarından addım-addım keçərək, alimlik zirvəsinə yüksəlmişsiniz. Son 25 ildən çox bir müddətdə doğma institutunuzda fasiləsiz olaraq direktor vəzifəsində çalışaraq, fundamental elmi tədqiqat işinin təşkilinə bilavasitə başçılıq edirsiniz.
Məhz Sizin böyük təşkilatçılıq qabiliyyətiniz, elmi əzmkarlığınız sayəsində müstəqil Azərbaycanımızın həyatında böyük hadisə olan çoxcildlik “Azərbaycan tarixi” yazılıb çapa hazırlanmış və işıq üzü görmüşdür.
Siz Azərbaycanın qədim tarixinin tədqiqinə həsr olunmuş dəyərli monoqrafiyaların, elmi məqalələrin, publisistik oçerklərin müəllifisiniz. Ölkəmizin hüdudlarından kənarda da sizə böyük şöhrət gətirmiş sanballı elmi tədqiqatlarınız ilə xalqımızın çoxəsrlik tarixini dünyaya tanıtmış və təbliğ etmişsiniz.
Yarıməsrlik elmi fəaliyyətiniz ərzində siz tarix elmi sahəsində artıq öz sözünü demiş bir sıra görkəmli alimlər yetişdirmiş, gənc istedadların elmə gəlişinə həmişə böyük himayədarlıq göstərmişsiniz.
Qətiyyətiniz, prinsipiallığınız və əzmkarlığınız təəssübkeş və fədakar alim kimi sizin şəxsiyyətinizdə üzvü şəkildə birləşmişdir. Çox şadam ki, siz bu gün də ölkəmizin elmi, ictimai-siyasi həyatında eyni dərəcədə fəal vətəndaşlıq mövqeyindən iştirak edirsiniz.
Hörmətli İqrar müəllim,
Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 mart 2004-cü il.