ELM VƏ TƏHSİL
GÖRKƏMLİ FİZİKİN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov yubiley mərasimini açaraq, alimin elmi-pedaqoji fəaliyyəti barədə qısa məlumat vermişdir. O bildirmişdir ki, görkəmli fizikin elmi işlərinin əksəriyyəti dünyanın nüfuzlu jurnallarında dərc olunmuşdur. B.Əsgərov Moskva, Sankt-Peterburq, Kiyev, Novosibirsk, Vilnüs, Tartu, Daşkənd, Tbilisi, Mançester, Bodrum, Varşava və s. şəhərlərdə keçirilmiş elmi konfranslarda ölkəmizi layiqincə təmsil etmişdir.
Sonra rektor yubilyara universitetin fəxri fərmanını, hədiyyə və mükafatını təqdim etmişdir.
BDU-nun fizika fakültəsinin dekanı, professor Rəsul Muradov yubilyarın həyat yolu və elmi fəaliyyəti barədə məruzə etmişdir. O bildirmişdir ki, B.Əsgərov 1974-cü ildə “Yarımkeçiricilərdə kinetik effektlər” monoqrafiyasına görə respublika Dövlət mükafatına layiq görülmüşdür. Onun yarımkeçiricilərdə köçürmə hadisələrinə həsr edilmiş digər monoqrafiyası ingilis dilinə tərcümə olunaraq, “Dünya nəşriyyatı” (World Scienific) tərəfindən çap edilmişdir. Bu əsər dünyanın bir sıra qabaqcıl ali məktəblərində dərs vəsaiti kimi istifadə olunur. B.Əsgərov bərk cismlərin nəzəriyyəsi sahəsində 110-dan çox məqalənin, 4 monoqrafiyanın və 2 dərsliyin müəllifidir. O, bərk cismlərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsini verən alimlərdən biridir. A.İ.Anselmlə birgə kvantlayıcı maqnit sahəsində dissipativ termomaqnit cərəyanının hesablanması metodunu təklif etmişdir. B.Əsgərovun bu sahədəki işlərinə qədər kvantlayıcı maqnit sahəsində termomaqnit hadisələrinin nəzəriyyəsi tamamilə yox idi. Onun işləri ilə termomaqnit hadisələrinin kvant nəzəriyyəsinin əsası qoyulmuş, elmdə kinetik nəzəriyyənin yeni istiqaməti yaranmış, keçmiş SSRİ-də və onun hüdudlarından kənarda fəaliyyət göstərən nəzəriyyəçi alimlər termomaqnit hadisələrinin kvant nəzəriyyəsi ilə məşğul olmağa başlamışlar. B.Əsgərov, eyni zamanda, mürəkkəb energetik zonalı yarımkeçiricilərdə qalvanomaqnit və termomaqnit effektlərinin kvant nəzəriyyəsini, yarımkeçiricilərdə elektronların fononlarla sövq edilməsinin, keçirici lövhələrdə və ifrat qəfəslərdə köçürmə hadisələrinin nəzəriyyəsini vermiş, nəzəriyyəyə “statistik sövqetmə qüvvəsi” anlayışını daxil etmiş, güclü cırlaşmış yarımkeçiricilərin fiziki parametrlərinin ölçülməsi üsulunu təklif etmişdir. Onun təklif etdiyi ikiatomlu molekulların elektrik dipol momentinin termodinamik yolla təyini metodu ixtira kimi qeydiyyatdan keçmişdir.
B.Əsgərov xarici jurnallarda dərc olunmuş işlərinə görə Soros Fondunun qrantını almış, “Bərk cismlərdə köçürmə hadisələrinin kvant nəzəriyyəsi”nə görə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “XX əsrin görkəmli adamı” fəxri adına layiq görülmüşdür. Onun haqqında məlumat “Dünya ensiklopediyası”na daxil edilmişdir.
Təhsil naziri Misir Mərdanov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatları Şahlar Əsgərov, Səlahəddin Xəlilov, İbrahim İsayev, Yaqub Mahmudov, akademik Budaq Budaqov, Azərbaycanın Ukrayna, Belarus və Moldovadakı səfiri Tələt Əliyev, MSK-nın sədri Məzahir Pənahov, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, “Azərneftyağ” zavodunun baş direktoru Ramiz Mirzəyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov, B.Əsgərovun universitet müəllimi, MEA-nın müxbir üzvü Abdulla Muxtarov, alimin nəvəsi, şahmat üzrə dünya çempionu Eltac Səfərli və başqaları yubilyarı təbrik etmişlər.
Təhsil naziri Misir Mərdanov alimə “Qabaqcıl təhsil işçisi” döş nişanını təqdim etmiş, yubilyarın ünvanına gəlmiş çoxsaylı təbrik teleqramları oxunmuşdur.
Axırda Bəhram Əsgərov çıxış edərək, mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.