MƏDƏNİYYƏT
GÖRKƏMLİ HİND ŞAİRİNİN 750 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Muzeyin direktoru, filologiya elmləri doktoru, professor Rəfael Hüseynov tədbiri açaraq “Əmir Xosröv Dəhləvi və Nizami məktəbi” mövzusunda məruzə etmişdir. Hindistanda anadan olan və orada yazıb-yaradan şairin bütün Şərqdə tanındığını vurğulayan natiq bildirmişdir ki, Nizami və Xəqani Ə.X.Dəhləvi yaradıcılığına güclü təsir göstərmişlər. Onları özünə “ustad”, “müəllim” seçən şair Xəqaninin bir neçə əsərinə, Nizaminin “Xəmsə”sinə nəzirə yazmışdır. Zəngin ədəbi irsə malik olan şair lirik şerlərini beş divanda toplamışdır. Şerlərindəki nikbinlik, canlı təbiət lövhələri, poetik dil onu klassik Şərq lirikasının görkəmli nümayəndələrindən biri kimi şöhrətləndirmişdir.
Fars, urdu və hind dillərində yazan şair, Nizami mövzularını özünəməxsus şəkildə işləmiş, onlara yeni süjet və qəhrəmanlar gətirmişdir. Əsərlərində humanist ideyalar təbliğ edən şair feodal zülmü və özbaşınalığına qarşı çıxaraq, hökmdarları ədalətə çağırmışdır.
Digər məruzələrdə Ə.X.Dəhləvi təkcə şair kimi deyil, həm də tarix, fəlsəfə, ədəbiyyat və musiqi nəzəriyyələrinə dair əsərlər yazmış alım kimi səciyyələndirilmişdir.