GÖRKƏMLİ İCTİMAİ XADİM KAMRAN HÜSEYNOVUN 90 YAŞI TAMAM OLMUŞDUR
Akademik Budaq Budaqov anadan olmasının 90 və əmək fəaliyyətinin 75 illiyi münasibətilə yubilyarı Respublika Ağsaqqallar Şurasının üzvləri adından təbrik etmişdir. Natiq K.Hüseynovun Sumqayıt və Mingəçevir şəhərlərinin rəhbəri, Azərbaycan Nazirlər Kabinetinin sədr müavini, Respublika Həmkarlar İttifaqları Şurasının sədri, Ticarət-Sənaye Palatasının prezidenti kimi məsul vəzifələrdə işləyərkən Vətəninə, xalqına sədaqətlə xidmət etdiyini vurğulamış, gördüyü quruculuq işlərindən danışmışdır.
Mərasimdə çıxış edənlər Kamran Hüseynovun Sumqayıt və Mingəçevir şəhərlərinin, Naftalan və Qalaaltı kurortlarının salınmasında, Mingəçevir su dəryaçası və Su Elektrik Stansiyasının inşa edilməsində təşkilatçılıq bacarığından söz açmışlar. Mingəçevir şəhərinin küçələrindən birinin onun adını daşıdığı bildirilmişdir. Xidmətlərinin bir çox orden və medallarla, müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə qiymətləndirildiyi vurğulanmışdır. 18 monoqrafiya və 170 elmi məqalənin müəllifi olan tarixçi alim kimi elmi fəaliyyətindən danışılmışdır. Yubilyara qiymətli hədiyyələr təqdim olunmuş, 100 illik yubileyini doğma Qubadlıda qeyd etmək arzulanmışdır.
Mərasimin sonunda çıxış edən Kamran Hüseynov təbriklərə, xoş sözlərə görə minnətdarlığını bildirmişdir.